Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7304

Digər sorğular

“Düşmən yenidən müharibəyə can atsa, hədəf...” - Toğrul İsmayıl

11:46  |    07 Yanvar 2021  |   E-mail  |  Çapa göndər


“İşğaldan azad edilmiş ərazilərdə türk ordusunun yerləşdirilməsinə dair qərarı Azərbaycan tərəfi tək verə bilər”

İşğaldan azad edilmiş Qarabağda atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya Birgə Mərkəzinin tikintisi davam etdirilir. Bir müddət öncə Türkiyənin müdafiə naziri Hulusi Akar bildirmişdi ki, artıq bir ordu generalının rəhbərliyi ilə türkiyəli hərbçilər Azərbaycandadır və onlar yaxın zamanlarda ruslarla birgə fəaliyyətə başlayacaqlar.

Təbii ki, qardaş ölkənin təmsilçilərinin bölgədə olması vacib və arzuolunan məsələdir. Amma Rusiyanın bölgədəki sülhməramlı kontingentinin fəaliyyəti ilə bağlı narahatlıqlar da mövcuddur. Bu mövzular ətrafında Türkiyədə yaşayan və çalışan siyasət elmləri doktoru, politoloq Toğrul İsmayılın Türkiyədən baxışlarını öyrənmək istədik.

- Toğrul bəy, erməni terrorçularının birdəfəlik sıradan çıxarılması, bölgədə daimi sülhün bərqərar olması baxımından Ağdamda qurulan birgə mərkəz nə kimi rol oynayacaq?

- Bilirsiniz ki, bu prosesdə Türkiyə hər zaman Azərbaycanın yanında durdu, mənəvi cəhətdən, diplomatik nöqteyi-nəzərdən. Sonda imzalanan üçtərəfli bəyanatda əksini tapmasa da, Azərbaycan Prezidenti İlham Əliyev açıqlamasında bir ortaq nəzarət mərkəzinin qurulacağı və orada Türkiyənin də iştirak edəcəyini elan etdi. Bu, çox önəmli, vacib məsələlərdən biri idi. Məsələyə bir neçə nöqtədən baxmaq lazımdır. Birincisi, Azərbaycan eyni zamanda bu məsələdə əlini gücləndirmiş oldu. Çünki NATO üzvü olan, hərbi cəhətdən güclü, dost və müttəfiq bir dövlətin bu prosesə qoşulması Azərbaycan üçün mühüm əhəmiyyətə malikdir. Buna bir məntəqə olaraq baxmamaq lazımdır, çox önəmli məsələlərdən biri idi. İkincisi, bu məsələnin Moskva ilə razılaşdırılması o deməkdir ki, Rusiya özü də beynəlxalq hüquq çərçivəsində Türkiyənin Azərbaycanda və dolayısı ilə Cənubi Qafqazda yerləşməsini qəbul etdi və ya qəbul etmək məcburiyyətində qaldı. Bu da çox vacib hadisədir. Ən önəmli məsələlərdən biri Türkiyə kimi təcrübəli bir ölkənin Astana prosesindən başlayaraq, Rusiya ilə istər Suriyada, istər başqa ölkələrdə problemli məsələlərin həllində ortaq qərar vermə və hərəkət etmə təcrübəsi var. Bu da önəmli məsələdir. Ən önəmlisi Türkiyə bu hadisəyə o qədər ciddi əhəmiyyət verir ki, bu məntəqədə çox yüksək səviyyədə təmsil olunur - buraya ordu generalının rəhbərliyi ilə bir heyəti göndərir. Belə bir heyətin göndərilməsi çox önəmli məsələdir. Bildiyim qədər əsgərlərlə birlikdə mülki şəxslər də olacaq. Təbii ki, Ankara və Moskvadakı görüşlərdə bu məsələ razılaşdırılıb. Azərbaycanla ayrı məsələdir. Həmçinin Türkiyə parlamentindən rəsmi olaraq orduya Türkiyə Konstitusiyasına uyğun şəkildə Azərbaycanda fəaliyyət üçün icazə verilib. Bu icazənin hər il uzadılmağa haqqı var, bunu da unutmamaq lazım. Bütün bunlara baxdığımız zaman Türkiyənin işğaldan azad edilən Ağdamdakı nəzarət mərkəzində yer alması çox vacib hadisələrdən biridir.

- Gələcəkdə Türkiyə ordusu bölgədə yerləşdirilə bilərmi?

- Açığını demək lazımdır ki, bu, Azərbaycanın daxili məsələsidir. Buna Azərbaycan özü qərar verə və dəvət etdiyi hər hansı ölkə ilə bunu razılaşdıra bilər. İndi söhbət Türkiyədən gedirsə, təbii ki, Türkiyə ilə razılaşdırıb əsgəri gücünün hansı bölgələrdə yerləşdirilməsi müzakirə oluna bilər, bu, ayrı məsələdir. Biz konkret işğal edilmiş ərazilərdəki nəzarətdən söhbət edirik. Sonuc olaraq ən önəmli məqam kimi bunu deyim ki, Rusiya çox da həvəslə bu işə getmir. Çünki Rusiya üçün əsas məqsəd barış gücü adı altında da olsa, hərbi gücünün bölgədə uzunmüddətli qalmasını təmin etməkdir. Bu səbəbdən ilk iş oradakı erməni silahlılarının silahsızlaşdırılmasından daha çox, oradan köçmüş, yaxud digər şəkildə bölgədən getmiş erməni əhalinin təkrar bölgəyə yerləşdirilməsinə daha çox diqqət yetirir.

“Rusiya bu gün Azərbaycan və Türkiyə ilə qarşı-qarşıya gəlmək istəməz, xüsusilə də suveren ölkənin ərazisində”

Bu səbəbdən də sülhməramlılarla birlikdə ona aidiyyəti olmayan qrupları və birlikləri də bölgəyə yerləşdirməyə çalışır. İndi Türkiyənin burada olması bu prosesin də bir növ nəzarət altına alınması deməkdir. Azərbaycanın bəzi məqamlarda təkbaşına Rusiyaya “dur” deməyə diplomatik gücü yetməsə də, Türkiyə ilə birlikdə bu məsələlərə açıq müdaxilə etmə gücünə sahib olacağını açıq ifadə edə bilərik.

Digər tərəfdən, Türkiyə uzun müddətdir PKK terror qrupları ilə ölkə daxilində mübarizə aparır. Həmçinin PKK, PYD, İŞİD qruplarla da istər Şimali İraqda, istər Şimali Suriyada mübarizə aparır və dünyanın hər yerində bu terror qruplarla mübarizə təcrübəsi var. Bu təcrübə hətta Rusiya və Azərbaycandan da qat-qat çoxdur. Təbii ki, bu təcrübənin bölgəyə gəlməsi silahsızlanma tələbinə itaət etməyən erməni qruplarının terror kateqoriyasında qəbul edilərək silahsızlanması, yaxud ümumiyyətlə, zərərsizləşdirilməsi prosesində daha təcrübəli olduğu üçün Türkiyənin daha aktiv rol oynayacağına əminəm. Bu səbəbdən Türkiyənin burada varlığını çoxsahəli olaraq görməyimiz lazımdır. Türkiyənin təcrübəsindən təbii ki, Azərbaycan çox faydalanacaq, buna inanıram. Amma bununla birlikdə, sadəcə, məntəqədə nəzarətdən söhbət getmir. Ermənilər beynəlxalq hüquqa zidd olaraq hər yeri mülkilərə qarşı minalayıblar. Türkiyəli mütəxəssislər də Azərbaycana gələrək bölgənin minalardan təmizlənməsi üçün həm Azərbaycan mütəxəssislərini yetişdirirlər, həm də ərazilərin minalardan təmizlənməsi üçün aktiv şəkildə Azərbaycana dəstək verirlər.

- İlk günlər belə bir məlumat yayılmışdı ki, Qarabağda Rusiya sülhməramlılarının sayı qədər də Türkiyə sülhməramlıları olacaq. Ancaq indiki durumda rus hərbçilərin sayının 5 minə qədər artırıldığı barədə məlumat var, amma Türkiyə hələlik sayı 100-ə çatmayan heyətlə kifayətlənir. Bununla bağlı narahatlıqları bölüşürsünüzmü?

- Burada bir məsələ var. Türkiyə nəzarət mərkəzində olacaq. Mənə elə gəlir ki, burada 100-ə yaxın türk əsgərinin varlığı yetərlidir. Hansı müzakirələrin olduğunu bilmirəm, mütəxəssis olaraq dedi-qodu üzərində də hərəkət etmirik. Qəbul edilmiş qaydalara və qanunlara baxırıq. Üçtərəfli anlaşmada türk əsgərinin sayı haqqında hər hansı bir məlumat yoxdur. İşğaldan azad edilmiş ərazilərdə türk ordusunun yerləşdirilməsinə dair qərarı Azərbaycan tərəfi tək verə bilər. Çünki bura nə Ermənistanın, nə Rusiyanın ərazisidir. Bura Azərbaycanın ərazisidir. Rusiya əsasən ermənilərin yaşadığı bölgələrdə nəzarəti ələ almağa çalışır. O da üçlü anlaşmadan irəli gəlir. Çünki o ərazilər həssas ərazilərdir. Dövlət rəhbərliyinin bəlkə bu məsələdə daha çox məlumatı var. Ona görə belə bir qərara imza atdılar. Amma bunun xaricindəki Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə türk ordusunun yerləşdirilməsi Azərbaycanın daxili məsələsidir. Məncə, bunun üçlü sənəddə yer almaması da olduqca məntiqlidir. Çünki Türkiyə münaqişədə yer almırdı. Münaqişədə yer alan tərəflər hər üçü imza atıb. Amma diqqət edirsinizsə, Qarabağ məsələsində Azərbaycan əsasən Rusiya ilə danışıqlar aparır. Ermənistanın bu ərazilərə aidiyyəti yoxdur. Ermənistanla əsas məsələ sərhəd xəttinin demarkasiyasıdır, orada mübahisələr gedir. İndi Rusiya tərəfi əsgəri gücünü artırırsa, bu, anlaşmanı pozma anlamına gəlir. İnanmıram ki, Rusiya bu anlaşmanı açıq şəkildə pozar. Onu başqa şəkildə edə bilir. Məsələn, FHN, həkimlər, minatəmizləyənlər adı altında əsgəri heyətini gətirir. Amma qanunlara görə, bunu da təkbaşına edə bilməz. Azərbaycan dövlətinin buna öz reaksiyasını göstərməsi və xəbərdarlıq etməsi lazımdır. Türkiyənin müşahidə heyətinin də bölgəyə gəlməsi Azərbaycanın əlini gücləndirəcək. Bəlkə indi Azərbaycan bir az həssas davranır. Amma Türkiyənin istəyir min əsgər olsun, istəyir on min, istərsə də az sayda əsgərlə təmsil olunmasının fərqi yoxdur, bu, simvolikdir. Bu, o deməkdir ki, Azərbaycan müttəfiq, dost ölkəsi ilə birlikdə öz müstəqilliyini və ərazi bütövlüyün təminat altına alıb. Çünki indiki şərtlərdə Rusiya Azərbaycan tərəfinə qarşı hər hansı yanlış addım atarsa, o halda Türkiyənin də təpkisini alacaq, etirazını görəcək. Odur ki, Rusiyanın buna gedəcəyini zənn etmirəm.

- Son vaxtlar ermənilərin revanşı ilə bağlı davamlı məlumatlar yayılır. Hətta rusiyalı ekspertlər səviyyəsində il ərzində Qarabağda növbəti gərginliyin, savaşın ola biləcəyi barədə xəbərdarlıqlar edilir, proqnozlar səslənir. Ermənistanın növbəti dəfə hansısa qüvvələrdən stimul alaraq, bu cür ağılsız təxribata əl atacağını güman edirsinizmi?

- İndiki şəraitdə Ermənistan ordusu Azərbaycan ordusu tərəfindən darmadağın edilmiş vəziyyətdədir. Ermənistan ordusu hətta 50-60 il əvvəlki texnologiyaya sahibdir, iqtisadi cəhətdən zəif bir dövlətdir. Ermənistanın bütövlükdə dövlət büdcəsi Azərbaycanın hərbi büdcəsi qədərdir. Son savaşda Azərbaycan Ermənistan ordusunun milyardlarla dollarlıq silahını məhv etdi. Ermənistan insan itkisini gizləsə də, bir mütəxəssis olaraq və sovet dönəmində zabit təhsili almış birisi kimi deyə bilərəm ki, itkilər açıqlanandan qat-qat çoxdur. Söhbət işlək əhalidən, potensial əməyi olanlardan gedir ki, onların məhvi Ermənistan üçün fəlakətdir. Digər tərəfdən, Dağlıq Qarabağda erməni əhali qalmayıb, bir qəsəbəlik erməni var. Ermənistan Dağlıq Qarabağı işğal etməklə bu ərazi hesabına taxıl, enerji, qiymətli metallar ehtiyacını ödəyirdi, ciddi sərmayə axını əldə etmişdi, amma o da əldən getdi. Bunlar ciddi itkilərdir. Ermənistanın insan, hərbi və iqtisadi itkiləri var. Ona görə də bu gün Ermənistanın qarşısında duran məsələ müharibə deyil. Əgər Ermənistanı təhrik edən güc bunu başladarsa, üçüncü müharibə fəlakət olar. Fakt budur ki, bəhanə yoxdur, Qarabağda erməni əhali qalmayıb. Amma Ermənistan təkbaşına buna cəhd edərsə, bu, artıq Ermənistan üçün böyük bir fəlakət olar...

- Yəni o zaman atəşin hədəfi Ermənistan olacaq...

- Təbii ki, o halda hədəf Dağlıq Qarabağ deyil, Ermənistan hədəf olacaq. Çünki hər tərəfi Azərbaycan Ordusu ilə əhatəyə alınmış Dağlıq Qarabağın belə bir riskə getməsi bataqlıq içərisində qalması demək olar. Dağlıq Qarabağ erməniləri elə bir orduya sahib deyil ki, belə bir çevrə qursun və özünü müdafiə etsin. Amma Azərbaycan hava sahəsini bağlayar və ruslar da içəri girə bilməz, o halda nə olar? O halda 5 minlik rus ordusu nə edə bilər? Belə bir müharibənin başlaması Rusiyanın üzərinə götürdüyü öhdəliyi pozması deməkdir. Rusiya bu riskə girərmi, mən ona da inanmıram. Dediyim kimi, Rusiya bu gün nə Azərbaycan, nə Türkiyə ilə qarşı-qarşıya gəlmək istəməz, xüsusilə də suveren ölkənin ərazisində. Suriya başqa məsələdir, orada Rusiyanı Əsəd dəvət etdi. Amma Qarabağda barış gücü funksiyasının yerinə yetirilməsindən söhbət gedir. Onun kənarına çıxılması ehtimalı yoxdur.

- Bəs Rusiya anlaşmanı poza bilərmi?

- Bu ehtimallar hər zaman var. Ona görə də Azərbaycanın hər şeyə hazırlıqlı olması gərəkdir. Amma Rusiyanın bunu açıq şəkildə pozması Rusiya üçün də ciddi şəkildə fəlakətlə nəticələnə bilər. Dediyim kimi, bura Abxaziya, Osetiya, ya Krım deyil, Azərbaycandır. Dağlıq Qarabağ da deyil, Azərbaycandır.

- Putin də “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir” deyib...

- Tamam, Putinin sözü də önəmlidir, amma o, beynəlxalq hüquq deyil. Azərbaycan BMT-nin üzvüdür, biz çox zaman bunu unuduruq. BMT-dəki bütün dövlətlər Azərbaycanı bütün əraziləri ilə birlikdə qəbul ediblər, tanıyıblar. Bunun ləğvi bir ölkənin işğalçı olmasına gətirə bilər. Ki, sülhü təmin edən Rusiyanın, BMT Təhlükəsizlik Şurasının 5 üzvündən biri olan Rusiya Federasiyasının açıq şəkildə Azərbaycan ərazilərini işğal etməsi - belə bir şey edəcəyini düşünmürəm - Rusiyanın özü üçün böyük fəlakət ola bilər. Sadəcə, Rusiya üçün deyil, hər hansı ölkə üçün ciddi fəlakət ola bilər. Ən azı bunun bəhanəsini təşkil etməsi lazım. Yəni nəyə görə müdaxilə etdim?..

“Yeni Müsavat”
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.01.2021
Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib
14.01.2021
“Daş düşsün o Harvardın başına ki, bu cür ”student"lər yetişdirib" - Siyavuş Novruzov
12.01.2021
Hərbçilərimiz ən çox hansı psixoloji problemlərlə üzləşir? - Müsahibə
10.01.2021
Lukaşenkonun oğlu: “Atam iyrənc xəstədir”
09.01.2021
Müharibədən qayıdan jurnalist: “Həmin vaxt Şuşada olardımsa...” - MÜSAHİBƏ